Dr. Yaşar Verdiyev Üz-Çənə Cərrahı & Stomatoloq
Pasiyentlər üçün

Diaqnostika üsulları

Düzgün müalicə düzgün diaqnozdan başlayır. Hansı görüntüləmənin nə üçün lazım olduğunu bilmək pasiyentin haqqıdır.

Klinik müayinə — bütün diaqnostikanın əsası

Heç bir görüntüləmə üsulu klinik müayinəni əvəz etmir. Rentgen sümüyü göstərir, lakin ağrının xarakterini, hərəkət məhdudiyyətini, toxumanın rəngini və reaksiyasını göstərmir.

Praktikada diaqnoz iki mənbənin birləşməsindən doğur: klinik tapıntı və görüntüləmə nəticəsi. Bunlar bir-birini təsdiqləməlidir. Uyğunsuzluq olduqda əlavə qiymətləndirmə aparılır.

Panoramik rentgen (OPG)

Hər iki çənəni, bütün dişləri, çənə birgələrini və ətraf strukturları tək bir təsvirdə göstərir. Ən çox istifadə olunan ilkin baxış üsuludur.

Nə üçün yaxşıdır: ümumi mənzərənin görülməsi, çıxmamış dişlərin aşkarlanması, geniş kist və törəmələrin seçilməsi, sümük səviyyəsinin ümumi qiymətləndirilməsi.

Məhdudiyyəti: ikiölçülüdür. Strukturlar bir-birinin üzərinə düşür, ona görə iki obyekt arasındakı real məsafə görünmür. Ölçülərdə də müəyyən təhrif olur.

CBCT — konus şüalı kompüter tomoqrafiya

Çənə-üz nahiyəsinin üçölçülü təsvirini verir. Struktura hər üç müstəvidən baxmaq və real ölçüləri götürmək mümkündür.

Hansı hallarda lazımdır: implant planlaşdırılması (sümük eni, hündürlüyü və sinirin mövqeyi), retensiyalı dişin sinirlə münasibəti, kist və törəmələrin sərhədlərinin dəqiqləşdirilməsi, üz travmalarının qiymətləndirilməsi, ortognatik cərrahi planlaşdırma, mürəkkəb kanal anatomiyası.

CBCT hər pasiyentə rutin olaraq təyin edilmir — yalnız konkret sual varsa və cavabı müalicə planını dəyişəcəksə istifadə olunur.

Digər üsullar

Periapikal (kiçik) rentgen — tək bir dişi və onun kökünün ətrafını detallı göstərir. Kanal müalicəsi və lokal problemlərin qiymətləndirilməsində istifadə olunur.

MRT — sümüyü deyil, yumşaq toxumanı göstərir. Çənə birgəsi diskinin mövqeyinin qiymətləndirilməsində və bəzi yumşaq toxuma törəmələrində istifadə oluna bilər. Şüalanma yoxdur.

Histoloji müayinə — çıxarılan toxumanın mikroskopik incələnməsi. Kist və törəmələrdə yekun diaqnoz məhz bununla qoyulur. Görüntüləmə şübhə yaradır, mikroskop təsdiqləyir.

Şüalanma barədə

Stomatoloji görüntüləmədə istifadə olunan şüa dozaları tibbi görüntüləmə spektrində aşağı səviyyədədir. Bununla belə, prinsip dəyişməzdir: lazım olmayan görüntüləmə çəkilmir.

Hər təyinat konkret suala cavab verməlidir. Əgər nəticə müalicə planını dəyişməyəcəksə, görüntüləmə lazım deyil.

Bu səbəbdən əvvəlki görüntülərinizi gətirməyiniz vacibdir — çox vaxt təkrar çəkilişə ehtiyac qalmır.

Hamiləlik: hamilə olduğunuzu və ya hamiləlik ehtimalını mütləq əvvəlcədən bildirin. Təcili olmayan görüntüləmə adətən təxirə salınır.

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini, fərdi diaqnozu və ya müalicə planını əvəz etmir. Şikayətiniz varsa, mütləq mütəxəssis həkimə müraciət edin.

Kəskin ağrı, güclü şişkinlik, nəfəsalmada çətinlik və ya travma halında gecikmədən təcili tibbi yardıma müraciət edin.

Suallar

Tez-tez verilən suallar

Şikayətinizi mütəxəssisə danışın

Müraciətiniz qeydə alınacaq və sizinlə əlaqə saxlanılacaq.

Randevu Al